17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Son illər ölkənin bir çox şəhərlərində olimpiya idman kompleksləri tikilib istifadəyə verilmiş, xüsusilə gənclər arasında idmanla məşğulluğun daha geniş yayılması üçün çoxsaylı tədbirlər həyata
Azərbaycanda idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Son illər ölkənin bir çox şəhərlərində olimpiya idman kompleksləri tikilib istifadəyə verilmiş, xüsusilə gənclər arasında idmanla məşğulluğun daha geniş yayılması üçün çoxsaylı tədbirlər həyata keçirilmişdir. Azərbaycanda mötəbər beynəlxalq səviyyəli idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir, həmin yarışlarda Azərbaycan idmançıları uğurla iştirak edirlər.
Ölkədə idmanın futbol növünə də xüsusi qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Həmin Dövlət Proqramında qadın futbolunun inkişafı və milli yığma komandaların dünya və Avropa çempionatlarında iştirakının təmin edilməsi məsələlərinə xüsusi önəm verilmişdir.
17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsi ölkədə idmanın bu növünə marağın daha da artmasına səbəb olacaq və Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə təkliflərini 10 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirləri görsünlər.
3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, FİFA nümayəndə heyətinin üzvlərinin, FİFA konfederasiyaları və FİFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionat və çempionat tədbirləri ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etsinlər.
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Dövlət Agentliyi öz səlahiyyətləri çərçivəsində çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı FİFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etsinlər.
6. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etsinlər.
8. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı FİFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etsinlər.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2012-ci il.

Xəbər 1440 dəfə oxundu.