Bədii gimnastlar Gəncədən olan həmkarlarına mənəvi dəstək nümayiş etdiriblər | |
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış Gəncə şəhərinə yollanıblar. Zöhrə Ağamirova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gəncədən olan bədii gimnastlarla görüşərək onlara mənəvi dəstək olublar. Gimnastlar Gəncədən olan həmkarlarına hədiyyələr də təqdim ediblər. Daha sonra gimnastlarımız raket atəşi nəticəsində insan tələfatı və dağıntılar olan hadisə yerinə baş çəkib, həmin yerə gül dəstələri qoyublar. Yığmamızın üzvləri, həmçinin hadisə zamanı zərərçəkmiş ailələrə də baş çəkiblər. Gimnastlarla birlikdə Gəncəyə yollanan bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva baş verənlərdən və gördüklərindən çox təsirləndiyini bildirib. “Baş verənləri şəkillərdən deyil, canlı olaraq görmək, zərər çəkən insanların yaşadıqlarını onların dilindən eşitmək tam başqa hisslər yaşadır. Xüsusilə də valideynlərini itirmiş uşaqların üzündəki kədəri görmək çox ağırdır. Bəziləri nəyin baş verdiyini belə anlamırlar. Analarını itirmiş uşaqlar isə onların hələ də qayıdacağını düşünürlər. Bu gün burada gördüklərimi heç vaxt unutmayacağam”, - deyə M.Vasileva əlavə edib. M.Vasileva qeyd edib ki, bütün dünya həqiqəti bilməlidir. Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından həlak olan şəxslərin yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılara isə şəfa diləyir. |
|
Xəbər 526 dəfə oxundu. |
|
|