Rafael Nadal 13-cü dəfə “Roland Garros” turnirinin qalibi olub
İspaniyalı tennisçi Rafael Nadal 38 milyon avro mükafat fonduna malik Fransanın açıq çempionatının ("Roland Garros") qalibi olub.

Parisin qrunt kortlarında keçirilmiş yarışın finalında ispaniyalı raketka ustası serbiyalı Novak Cokoviçi məğlubiyyətə uğradıb - 6:0, 6:2, 7:5. Bununla da 34 yaşlı idmançı "Roland Garros"dakı 13-cü finalından da qalib ayrılıb. İndi onun hesabında Böyük Dəbilqə seriyalı turnirlərdə Federerin əldə etdiyi qədər - 20 qələbə var. Eyni zamanda Nadal 4 dəfə ABŞ-ın açıq çempionatının, 2 dəfə Uimldon turnirinin və 1 dəfə Avstraliyanın açıq çempionatının qalibi olub. Ümumilikdə isə təcrübəli idmançı Peşəkar Tennisçilər Assosiasiyasının təşkil etdiyi turnirlərdə 85 titul qazanıb və hazırda dünyanın ikinci raketka ustası sayılır.

Nadal və Cokoviç Fransanın açıq çempionatında 8-ci, ümumilikdə 56-cı dəfə üz-üzə gəlib. Bunlardan 27-si finala, o cümlədən, 9-u Böyük Dəbilqə seriyalı turnirlərin həlledici görüşünə təsadüf edib. Şəxsi görüşlərdə Cokoviç 29 dəfə üstün olublar. Lakin 5-i Böyük Dəbilqədə olmaqla, finalların 15-də Nadal qələbə qazanıb.

Qeyd edək ki, qadınların fərdi mübarizəsində polşalı İqa Şvyontek karyerasında ilk dəfə qalib olub. O, finalda ABŞ təmsilçisi Sofiya Kenini məğlubiyyətə uğradıb - 6:4, 6:1.

Xəbər 539 dəfə oxundu.