Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib | |
Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı, cüdo üzrə idman ustası, beynəlxalq turnirlərin qalibi İlqar İsmayılovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib. Turnir Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” şahmat klubunun birgə təşkilatçılığı ilə açıq havada təşkil edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, “Ağ Top” şahmat klubunun direktoru Cavanşir Bağırov və digər rəsmi qonaqlar qeyd ediblər ki, yarışın keçirilməsində məqsəd İlqar İsmayılovun xatirəsini yad etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini tərbiyə etmək, eyni zamanda, onları şahmata cəlb edərək bu idman növünü daha da inkişaf etdirməkdir. Yarışdan əvvəl iştirakçılar koronavirusla bağlı xüsusi tibbi yoxlanışdan keçiblər. Yarış iştirakçılarına Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar sosial izolyasiya qaydalarına əməl olunmasının vacibliyi izah edilib. Turnirdə 48 şahmatçı iştirak edib. Yekun nəticələrə görə, oğlanlar arasında Rəvan Uğurov, qızların yarışında Xanım İsmayılova birinci yerləri tutublar. 12 yaşadək oğlanlar arasında isə Orxan Bağırov, qızlar arasında Nurtən Nuriyeva fərqləniblər. Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatı ilə təltif olunublar. Qeyd edək ki, İlqar İsmayılov 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbi 1976-cı ildə bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, 1981-ci ildə ali təhsilini başa vurub. O, 1981-ci ildə hərbi xidmətə çağırılıb, 1983-cü ildə ordudan tərxis edilib. İ.İsmayılov 1991-ci ilin dekabrından başlayaraq tez-tez döyüş bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak edirdi. Məhz onun qəhrəmanlığı və şücaəti sayəsində ermənilər tərəfində vuruşan bir neçə xarici ölkə vətəndaşı girov götürülüb. İlqar İsmayılov Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə böyük igidliklər göstərib. O, 1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunub. Onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləyib. Bacarıqlı komandir İlqar İsmayılov 1992-ci il oktyabrın 1-də Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. |
|
Xəbər 515 dəfə oxundu. |
|
|