“Qarabağ” Premyer Liqada ardıcıl ikinci dəfə xal itirib
Sentyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Son ölkə çempionu “Qarabağ” klubu “Sumqayıt” komandasının qonağı olub.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda bütün qollar ikinci hissədə vurulub. Matçın 52-ci dəqiqəsində sumqayıtlıların yarımmüdafiəçisi Əli Qurbani hesabı açıb - 1:0. Qoldan iki dəqiqə sonra “Sumqayıt” hesab arasındakı fərqi iki topa çatdırıb. Camaləddin Xocaniyazov fərqlənib - 2:0. İki top fərqi ilə geri düşən Ağdam təmsilçisi qarşılaşmanın 59-cu dəqiqəsində Kvabena Ovusu sayəsində qollardan birinin əvəzini çıxıb – 2:1. Matçın son dəqiqələrində Ozobiçlə ikinci qolu vuran “Qarabağ” məğlubiyyətdən xilas olmağı bacarıb.

Beləliklə, “Qarabağ” Premyer Liqada ardıcıl ikinci oyunda xal itirib. Xatırladaq ki, ötən tur ağdamlılar əzəli rəqibi “Neftçi”ə həmin hesabla məğlub olmuşdular.

Dörd turdan sonra Ağdam klubu 4 xalla 6-cı yerdədir, “Gənclik şəhəri”nin təmsilçisi isə 9 xalla lideridir.

Qeyd edək ki, komandalar indiyədək daxili çempionatda 31 dəfə üz-üzə gəliblər. Bunların 23-də “Qarabağ”, 4-də isə “Sumqayıt” 3 xal qazanıb. Dörd görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də “köhlən atlar”ın aşkar üstünlüyü var - 66:14. Ağdam təmsilçisi rəqibinə qarşı son 18 matçda meydanı qolsuz tərk etməyib.

Xəbər 483 dəfə oxundu.