“Qarabağ” və “Şerif” komandalarının start heyətləri açıqlanıb
UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində avqustun 26-da saat 20:00-da qarşılaşacaq Ağdamın “Qarabağ” və Moldovanın “Şerif” komandalarının start heyətləri açıqlanıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Şerif”in ilk onbirliyində isə meydana Dmitri Celabnik, Feyt Fraydey Obolor, Usman Ndiay, Andrey Peteley, Kristiano, Vilyam Parra, Andrey Lukiç, Benedik Mioç, Şarl Petro, Anatol Abanq və Qabriel Boban çıxacaqlar.

UEFA-nın qərarına əsasən, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.

Qitənin ali futbol qurumu görüşün idarə olunmasını daha əvvəl Furkat Atajanovun rəhbərlik etdiyi qazaxıstanlı hakimlər briqadasına tapşırsa da, oyunun idarə edilməsi hüququ sonradan Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Xatırladaq ki, “Qarabağ” klubu indiyədək “Şerif” ilə beş dəfə üz-üzə gəlib.

Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib - 2:0.

“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gələcəyi təqdirdə növbəti mərhələdə potensial rəqibi “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə olacaq.

Xəbər 650 dəfə oxundu.