Şamil Əliyev də erməni rəqibini məğlub etdi | |
Bolqarıstan paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir. İdman.com.az saytının məlumatına görə, yarışın 4-cü günündə də püşkə əsasən Azərbaycan v Ermənistan idmançıları rinqə çıxmalı olublar. 70 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Koryun Papoyanı 18:12 hesabı ilə məğlub edib. Qeyd edək ki, bu artıq qitə birinciliyində boksçularımızın erməni rəqibləri üzərində 4-cü qələbəsi olub. Buna qədər Elnur Şəfizadə, Məhəmmədəli Tahirov və Orxan Əliyev Ermənistan boksçularını məğlub etmişdilər. Digər idmançılarımıza gəlincə, Cavid Quliyev (60 kq) Belarus nümayəndəsi Vitali Fyodorov üzərində 15:7 hesabı ilə qələbə qazanıb. Bu qələbə boksçumuzun 1/4 finala yolunu açıb. Təssüff ki, 75 kq çəki dərəcəsində yarışan Nicat Sadıqov Belarusun digər təmsilçisi Nikita Samtsovu üstələyə bilməyib. 1 xalla rəqibinə uduzan (12:13) boksçumuz Avropa birinciliyindən kənarda qalıb. Ən ağır çəkili boksçumuz (80+kq) Məhəmmədəli Tahirovun da bəxtinə Belarus boksçusu düşüb. Ancaq milli komandamızın üzvü Kiril Xarlanovun öhdəsindən gələ bilib. 13:7 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala vəsiqə qazanıb. Bu gün Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçiriləcək. Yarışa isə iyunun 30-da yekun vurulacaq. |
|
Xəbər 1166 dəfə oxundu. |
|
|