Valentin Demyanenko öz beynəlxalq rekordunu yeniləyib

Azərbaycan kanoeçisi Valentin Demyanenko yeni rekorda imza atıb. 29 yaşlı idmançımız Xorvatiyanın paytaxtı Zaqrebdə başa çatan kayak və kanoe üzrə Avropa çempionatında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəni 38,752 saniyəyə qət edib. İndiyədək heç bir kanoeçi bu məsafədə finişə belə qısa müddət ərzində çata bilməyib. Həm də Demyanenko elə özünə məxsus – 2009-cu il dünya çempionatında göstərdiyi 39,048 saniyəlik rekordunu yeniləyib.

Ümumiyyətlə, kanoe növündə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş Yay Olimpiya Oyunlarının proqramına 2009-cu ildə salınıb. Elə həmin ildən Demyanenko Avropa və dünya çempionatlarında bu məsafədə iştirak etdiyi bütün yürüşlərdə qızıl medal qazanıb. O, yalnız 2010-cu ildə zədə səbəbindən nüfuzlu yarışlara qatılmayıb:

2009. Avropa çempionatı. Brandenburq (Almaniya). Valentin Demyanenko (Azərbaycan) - 39,308 saniyə
2009. Dünya çempionatı. Dartmut (Kanada). Valentin Demyanenko - 39,048
2010. Avropa çempionatı. Trasona (İspaniya). Yevgeni Şuklin (Litva) - 40,031
2010. Dünya çempionatı. Poznan (Polşa). İvan Ştıl (Rusiya) – 39,161
2011. Avropa çempionatı. Belqrad (Serbiya). Valentin Demyanenko – 39,855
2011. Dünya çempionatı. Seqed (Macarıstan). Valentin Demyanenko – 39,339
2012. Avropa çempionatı. Zaqreb (Xorvatiya). Valentin Demyanenko – 38,752

Göründüyü kimi, olimpiya məsafəsi sayıldığı vaxtdan 200 metrlik yürüşdə Demyanenko 3 dəfə Avropa çempionu, 2 dəfə dünya çempionu olub. O, daha bir Avropa çempionluğuna 2011-ci ildə 500 metrlik yürüşdə, daha bir dünya çempionluğuna isə 2005-ci ildə məhz Zaqrebdə imza atıb.

3 qat dünya çempionu və 4 qat Avropa çempionunu Azərbaycanın olimpiya növləri arasında ən titullu idmançılarından biri, hətta birincisi də saymaq olar. Demyanenkonun qızıl medal kolleksiyasında çatışmayan yalnız olimpiya çempionluğudur. Buna da kanoeçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarında nail olmağı hədəfləyib.

Qeyd edək ki, Valentin Demyanenko Zaqrebdəki Avropa çempionatında həm də Azərbaycanın aktivinə 21 xal yazdırıb. O, xallardan 20-ə 200 metr, 1-ə isə 500 metr məsafəyə yürüşdə imza atıb. Ölkəmizə daha 2 xalı 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüşlərdə çıxış etmiş kayakçımız Mirnazim Cavadov qazandırıb. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 25-ci yeri tutub. Kanoe yarışlarında ümumi sıralamada isə ölkəmiz 1 qızıl medalla 12-ci olub.


Xəbər 1358 dəfə oxundu.