MHL-də mövsümün bərpası istiqamətində danışıqlar aparılır | |
Amerikada nüfuzlu təşkilatlardan Milli Basketbol Assosiasıyasında (MBA) mövsümün bərpa tarixi açıqlansa da, Milli Hokkey Liqasının (MHL) rəhbərliyi hələ də konkret qərar verə bilmir. Liqa rəhbərliyi mövsümün davam etdirilməsinə maraq göstərir. Bununla bağlı müxtəlif variantlar müzakirə olunur. MHL rəhbərliyi pandemiyaya görə mövsümü bərpa etməyə çətinlik çəkir. İndiki məqamda komandalar heç məşqə də başlaya bilmirlər. Amerika mətbuatı yazır ki, liqa rəhbərliyi hazırda komandalar ilə danışıqlar aparır. Tərəflər iyulun ortalarından klubların təlim-məşq toplanışı keçirməsi ilə bağlı ilkin razılığa gəliblər. Bir müddət əvvəl isə məşqlərin iyulun 10-dan başlanacağı ilə bağlı xəbərlər yayılmışdı. Bütün bunlara baxmayaraq, hələ də çempionatın hansı formatda davam etdiriləcəyi məlum deyil. MHL-in komissarı Qari Bettmen bildirib ki, mövsüm bərpa ediləndən sonra müntəzəm çempionatın keçirilməsinin əleyhinədir. O, pley-off mərhələsində hər konfransdan 12 olmaqla, ümumilikdə 24 komandanın mübarizə aparmasını istəyir. Pley-off mərhələsinə vəsiqə qazananlar xalların faiz hesabına görə müəyyənləşməlidir. Stenli Kuboku isə ənənəvi qaydada, yəni 16 komandanın iştirakı ilə keçirilməlidir. Sadəcə, növbəti mərhələyə keçmək üçün bir komanda 3 qələbə qazanmalıdır. Final seriyası isə maksimum 7 oyundan ibarət olmalıdır. Pley-off oyunlarının iki şəhərdə təşkili ehtimal edilir. Bunun üçün 10 şəhər arasında seçim aparılır. |
|
Xəbər 705 dəfə oxundu. |
|
|