SSKA-nın kapitanı “Milan”a üz tutub
Avroliqada çempionat birdəfəlik dayandırıldığından komandalar artıq növbəti mövsümə hazırlaşırlar. Bununla yanaşı, bəzi basketbolçular cəlbedici təkliflər müqabilində gözlənilməz addımları ilə də yadda qalırlar.

SSKA-nın kapitanı Kayl Hayns Moskva klubunu tərk etməyi qərara alıb. Otuz üç yaşlı basketbolçu növbəti mövsümdən karyerasını “Milan”da davam etdirəcək. İtaliya mətbuatının yazdığına görə, Lombardiya klubunun prezidenti və baş məşqçisi Ettore Messina amerikalı oyunçunun İtaliyaya yollanmasında daha böyük rol oynayıb. K.Haynsın yeni klubu ilə ikiillik müqavilə imzalayacağı gözlənilir.

“Milan” Avroliqanın digər komandalarından fərqli olaraq növbəti mövsüm üçün büdcəsini artıq təsdiqləyib. İddiasını artırmaq istəyən Ettore Messinanın komandası səs-küylü transferlər həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, Kayl Hayns 2013-cü ildən SSKA-nın şərəfini qoruyur. Bu müddət ərzində o, Moskva klubu ilə Avroliqada 3, VTB Liqasında isə 6 dəfə qalib gəlib. Onun gedişini Andrey Vatutin də təsdiqləyib. SSKA-nın prezidenti amerikalı basketbolçunun keçidinə mane ola bilmədiklərini etiraf edib. O, Haynsa qarşıdakı karyerasında uğurlar arzulayıb.

Xəbər 507 dəfə oxundu.