Basketbol üzrə Avroliqa titullu sponsorunu itirib
Koronavirus təkcə idman yarışlarının ləğvinə səbəb olmur. Pandemiya həm də müxtəlif turnirlərin titullu sponsorları ilə əməkdaşlığına da mənfi təsir göstərir. Bu amili basketbol üzrə Avroliqa yarışının iştirakçıları daha çox hiss edəcək.

“Türk hava yolları” basketbolçuların Avroliqasına sponsorluğuna son qoyub. Bunun səbəbi haqda rəsmi açıqlama verilməsə də, əməkdaşlığın pandemiyaya görə dayandırılması heç kimə sirr deyil. Belə ki, koronavirus dünyaya yayılandan sonra ölkələr arasında sərhədlərin bağlanması aviaşirkətin büdcəsinə ciddi zərbə vurub. Məhz bunu nəzərə alan şirkət öz vəsaitinə qənaət etməyi qərara alıb.

Türkiyə ictimaiyyəti bu qərarı müsbət qarşılayıb. Belə ki, əsasən ispaniyalıların nəzarət etdiyi bir turnirə maliyyə yardımı ayırmaq artıq xərc sayılır. Avroliqada İspaniyanın 4, Türkiyənin isə yalnız 2 komandası çıxış edir. Elə bu məqamın özü də Türkiyə basketbol ictimaiyyəti arasında böyük narazılığa səbəb olmuşdu.

Avroliqanın prezidenti hər dəfə mətbuata açıqlamasında “Türk hava yolları” ilə uzun müddət əməkdaşlıq edəcəklərini söyləsə də, qarşı tərəf 10 ildən sonra münasibətlərə, nəhayət, son qoyduğunu bildirib. İndi Avroliqanın hansı sponsorla anlaşacağı maraqla gözlənilir.
Rusiyanın “Aeroflot” aviaşirkəti də liqanın favoritlərindən olan SSKA komandası ilə əməkdaşlığı dayandırmaq niyyətindədir.

Xəbər 641 dəfə oxundu.