Blits üzrə onlayn “İpək Yolu Kuboku” turniri keçiriləcək | |
Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-dan 28-dək blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri keçiriləcək. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçiriləcək turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr ediləcək. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir. Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçiriləcək. Turnirdə 50 iştirakçı mübarizə aparacaq. Hər iki ölkədən FIDE əmsalına görə kişilərin siyahısında ilk 12-likdə, qadınların reytinqində isə ilk 8-likdə qərarlaşan (2020-ci il 1 may tarixinə), həmçinin bu il yanvarın 1-də 16 yaşı tamam olmamış şahmatçılar arasında ilk üçlükdə yer almış gənclər yarışda iştirak edə bilərlər. Federasiyalar yarışa əlavə iki şahmatçı dəvət etmək hüququna malikdirlər. Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaqlar. On beş turdan ibarət yarış İsveçrə sistemi üzrə keçiriləcək. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Turnirin 1-7-ci turlarına mayın 26-da saat 15:00-da, 8-15-ci turların görüşlərinə isə mayın 28-də saat 18:00-da start veriləcək. |
|
Xəbər 553 dəfə oxundu. |
|
|