Xüsusi karantin rejimi başa çatacağı təqdirdə Azərbaycanda futbol yarışlarının bərpası planlaşdırılır | |
Xüsusi karantin rejimi mayın 4-də başa çatacağı təqdirdə Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. Dünyanın əksər ölkələrində geniş yayılmış koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqası, Azərbaycan I divizionu və Azərbaycan kuboku yarışlarına müvəqqəti olaraq fasilə verilib. Ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib. Daha əvvəl qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi mayın 4-də başa çatacağı təqdirdə Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. UEFA, FIFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələri, AFFA, klublarımızla aparılan müzakirələr və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixlər nəzərə alınaraq, mayın 21-də I divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur. Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan kubokunun yarımfinal və final oyunları keçiriləcək. Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır. Azarkeşsiz keçiriləcək Premyer Liqa, I divizion və Azərbaycan kubokunun yeni təqvimi ilə bağlı məlumat veriləcək. Qeyd edək ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər. |
|
Xəbər 734 dəfə oxundu. |
|
|