Formula E çempionatında mövsümün dayandırılmasını elan ediblər
Formula E çempionatının bu həftə İndoneziyada keçirilməsi nəzərdə tutulan mərhələsinin ləğv edilməsi məlum olub. Bu gün isə elektriklə işləyən yürüş maşınları seriyasının promouterləri koronavirus pandemiyası ilə bağlı mövsümün iyun ayınadək təxirə salınması barədə elan ediblər.

Bundan əvvəl təxirə salınan Sanya (Çin), Roma və Cakarta mərhələləri ilə yanaşı, yürüşlər Paris və Seulda da təşkil olunmayacaq.

Formula E yürüşlərinin növbəti mərhələsi iyunun 21-də Berlində keçiriləcək. Lakin bununla yanaşı, ləğv edilən yürüşlərin digər tarixlərə keçirilməsi variantı istisna deyil.

Formula E çempionatının yaradıcısı və rəhbəri Alexandro Aqaq deyib: “Məsul qərarların qəbul edilməsi vaxtı çatıb. Məhz bu səbəbdən biz mövsümü müvəqqəti dayandırmaq və növbəti iki ay ərzində yürüşləri keçirməmək qərarına gəldik. Avtomobil idmanı həyatımızda mühüm rol oynayır. Lakin indi əməkdaşların, azarkeşlərin və onların ailələrinin, həmçinin yürüşlərin keçirildiyi şəhərlərin sakinlərinin sağlamlığı daha əhəmiyyətlidir.

COVID-19 yeni koronavirusun yayılması səbəbindən başlanan böhran aradan qaldırıldıqdan sonra Formula E çempionatı yenidən öz işinə davam edəcək”.

Xəbər 803 dəfə oxundu.