«Həqiqi hökmran» haqqında 17 fakt
Yay transferlərinin ilk və ən böyük transferləri sırasında yapon Sindzi Kaqavanın «Mançester Yunayted»ə keçidi xüsusi diqqəti cəlb edir. İdman.com.az saytı bu futbolçu ilə bağlı 17 faktı təqdim edir:
1. Kaqavanın soyadı yapon dilindən «həqiqi hökmran» kimi tərcümə olunur.
2. O, 1989-cu il martın 17-də Honsyu adasındakı Kobe şəhərində dünyaya gəlib. Özünün dediyinə görə, ilan ilində dünyaya gələnlər uğursuzluq və məhrumiyyətlərə düçar olmurlar.

3. Boyu 172 sm olduğundan «körpə» ləqəbini alıb. Beləcə o, Premyer Liqanın 11-ci ən kiçikboylu oyunçusu olacaq. O, Şon Rayt Fillipisdən 2, Cermeyn Defodan 1 düym hündürdü. Xuan Mata iləsə eyni boydadı.
4. Yaponiyada Kaqava «Barselona Miyagi» və «Serezo Osaka» klublarında oynayıb.

5. Sindzi Kaqava hələ orta məktəbi bitirmədən peşəkar müqavilə imzalayan ilk yapon futbolçusu olub. «Serezo Osaka»ya gələndə 17 yaşı var idi.
6. 2009-cu ildə «Real» və «Barselona»da baxışda olub.
7. «Serezo Osaka»da 127 oyuna 57 qol vurub, 30 qol ötürməsi edib.
8. «Borussiya» ilə müqaviləsi 300 min avroluq idi.
9. «Borussiya»da ilk qolunu mövsümqabağı oyunda «Mançester Siti»nin qapısına vurub.

10. «Borussiya»dakı bir neçə həftəsindən sonra o vaxtkı həmklubu Nuri Şahin «bu oğlan mələk kimi oynayır» demişdi.
11. 2011-ci ildə yapon millisi ilə Asiya Kubokunu qazanıb. Qrup mərhələsində bütün oyunlarda iştirak edib və Qətərlə oyunda dublla komandasını yarımfinala çıxarıb. Yarımfinalda zədələnərək, qələbə finalını buraxmalı olub.
12. Zədə səbəbindən Almaniyadakı ilk mövsümünün ikinci yarısını buraxmalı olub. 28 oyun keçirib, 12 qol vurub.
13. Hələ ötən ilin yayında «Mançester Yunayted»də oynamaq istəyini bildirmişdi.

14. Çempionlar Liqasında «Arsenal» - «Borussiya» matçından sonra rəqibin baş məşqçisi Arsen Venger demişdi: «Kaqava çox mobil oyunçudu. Meydanı əla görən çox yaradıcı və istedadlı futbolçudu».
15. «Borussiya»da son oyununu Almaniya Kubokunda «Bavariya»ya qarşı keçirib. 1 qol və 1 assistentliklə fərqlənib. Ser Aleks Ferqyuson və Mayk Felan Kaqavanı izləmək üçün şəxsən həmin matça gəlmişdilər.
16. Ümumilikdə «Borusiya»da 71 oyun keçirib, 29 qol vurub, 15 assistentlik edib. İki dəfə Almaniya çempionu olub və bir dəfə həmin ölkənin kubokunu qazanıb.
17. Bu il mayın 23-də Azərbaycan yığmasının qapısına vurulan iki qoldan birinin müəllifi olub.

Xəbər 1205 dəfə oxundu.