FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionatın qalibləri müəyyənləşib
Fevralın 21-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının və İdman-Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib.

Respublika Olimpiya Mərkəzində təşkil olunan tədbirdə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxışında Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək, bu soyqırımının acı nəticələrindən danışıb. O, 28 il əvvəl erməni vandallarının xalqımıza qarşı törətdikləri dəhşətli faciənin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib.
Çempionatda 18 komandanın heyətində 75-ə yaxın idmançı iştirak edib. İdmançılar 100 və 1000 metr məsafələrə qaçış, hündürlüyə, uzununa tullanma və nüvəitələmə yarışlarında həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, ikinci yeri FHN-in Bakı Regional Mərkəzinin, üçüncü yeri isə Gəncə Regional Mərkəzinin komandaları tutublar.

Şəxsi yarışlarda isə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti), Vladislav Hacıbalayev (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti) və Elmir Əhədov (Muğan Regional Mərkəzi) ilk üç pillədə qərarlaşıblar.

FHN-in İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və nazirlik işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov qaliblərə diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim edib, onlara uğurlar arzulayıblar.

Xəbər 820 dəfə oxundu.