İdman Araşdırmalar Mərkəzinin Bəyanatı
Rəsmən Kapital Bank U-15 Liqası adlandırılan 15 yaşadək futbolçular arasında Azərbaycan çempionatının iyunun 7-də keçirilmiş final matçından sonra xoşagəlməz olaylar baş verib. “Neftçi” komandasının futbolçularının “Bakı” komandasından olan həmyaşıdları üzərində 1:0 hesabı ilə qalib gəldiyi görüşün ardından meydançaya tamaşaçılar daxil olublar. Nəticədə hər iki komandanın futbolçuları və tərəfdarları arasında kütləvi toqquşmalar yaşanıb. Təəssüf doğuran hal odur ki, insidentdə “Bakı” və “Neftçi” klublarının rəsmiləri də iştirak ediblər. Onlar azyaşlıları sakitləşdirmək əvəzinə bir-biri ilə əlbəyaxa olaraq, azyaşlılar üçün mənfi nümunə olublar.

Digər tərəfdən, insident 22 sentyabr – 13 oktyabrda Azərbaycanda təşkil olunacaq FİFA U-17 Qadınlararası Dünya Çempionatının keçiriləcəyi stadionlardan biri - “Dalğa Arena”da baş verib. Mayın 17-də bu arenada “Bakı” və “Neftçi”nin əsas komandaları arasında baş tutmuş Azərbaycan Kubokunun final matçında da meydana kənar əşyalar atılmış və oyundan sonra bir qrup azarkeş tribunadan içəri daxil olmuşdu. Bu isə stadionda təhlükəsizliyin lazımi səviyyədə qurulmamasından irəli gəlir. Halbuki bu məsələdə 30 may – 4 iyunda Qəbələdə ilk dəfə 15 yaşadək futbolçular arasında 6 ölkədən 8 komandanın iştirakı ilə keçirilmiş beynəlxalq turnirdəki təhlükəsizlik tədbirlərindən nümunə götürmək olardı. Amma əyalətdə təhlükəsizliyin qorunması sarıdan heç bir problem olmadığı halda, Bakıda paytaxtın iki komandasının görüşü kütləvi toqquşmalarla müşayiət olundu. Həm də insident məhz 15 yaşlıların oyunundan sonra baş verdi.

İdman.com.az saytı xəbər verir ki, iyunun 8-də Avropa çempionatı kimi möhtəşəm futbol bayramı start götürəcək. Belə bir nüfuzlu idman tədbirində Azərbaycan milli komandasının iştirak etməməsi bir yana, ölkə futbolunun adının növbəti qalmaqalda hallandırılması heç də yaxşı hal deyil. Həm də nəzərə almaq lazımdır ki, xoşagəlməz olaylar cəmi 8 il sonra Avropa çempionatına həmtəşkilatçılıq etmək iddiasında olan Azərbaycanda həmin çempionatda çıxış etmə şansları olan hazırkı azyaşlıların oyununda baş verir.

İdman Araşdırmalar Mərkəzi hesab edir ki, FİFA U-17 Qadınlararası Dünya Çempionatı kimi nüfuzlu yarışa ev sahibliyi edəcək stadionda və digər arenalarda təhlükəsizliyin qorunmasına nəzarət artırılmalı, klublarda yetişən futbolçuların təkcə oyunlarına deyil, kollektivdə nümunəvi və sağlam mühitdə yetişmələrinə şərait yaradılmalı, insidentin səbəbkarları və onun böyüməsinin təşəbbüskarları layiqli cəzalarını almalıdırlar.

Xəbər 1183 dəfə oxundu.