Dünya İdman Mətbuatı Assosiasiyasının Budapeştdə konqresi keçirilir
Macarıstanın paytaxtı Budapeştdə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) konqresi keçirilir. Konqresin birinci günündə “Media Awards” mükafatının təqdimatı və qala mərasimi təşkil edildi.

Bu sözləri konqresdə iştirak edən Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev açıqlamasında deyib.

Q.Mehdiyev qeyd edib ki, tədbirin ikinci günündə - fevralın 4-də kontinental seksiyalar üzrə iclaslar təşkil olunub. İclaslar hər qitə üzrə ayrılıqda keçirilib. “AIPS Avropa”nın iclasının gündəliyinə əsasən üzvlük kartları, gələn il konqresə ev sahibliyi edəcək ölkələrin namizədliyi və s. məsələlər barədə müzakirələr aparılıb. Qeyd edilib ki, növbəti seçkilərin də təşkil olunacağı 84-cü konqresə ev sahibliyi etmək üçün iki ölkə - Koreya Respublikası və İtaliya namizədliyini irəli sürüb. Tədbirdə, həmçinin ötən il Minskdə keçirilmiş ikinci Avropa Oyunlarının, İtaliyanın Neapol şəhərində təşkil edilən universiadanın və digər irimiqyaslı yarışların yekun təqdimatı olub. Bundan başqa, “AIPS Avropa”nın İcraiyyə Komitəsinə boş qalan bir yer üçün səsvermə keçirilib. Dörd ölkədən namizədlər arasında keçirilən səsvermədə daha çox səs toplayan niderlandlı Gio Lippens İcraiyyə Komitəsinə üzv seçilib. Sonda Ukrayna İdman Jurnalistləri Assosiasiyasının yeni prezidenti Aleksandr Qlivinski təqdimatla çıxış edib. Tədbir AIPS-in konqresi ilə davam edəcək.
AIPS-in konqresinə fevralın 5-də yekun vurulacaq.

AZƏRTAC

Xəbər 719 dəfə oxundu.