“Sabah” klubu “Kaysar”la matçdan qalib ayrılıb | |
Yanvarın 19-da “Sabah” klubu Antalya toplanışında növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçiləri Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb. İlk hissədə komandamızın bir neçə real qol fürsəti olsa da, hesab açılmayıb – 0:0. İkinci hissə də “Sabah”ın üstünlüyü ilə keçib. Ancaq matçda hesabı qazaxlar açıb. Rəqib qarşılaşmanın 55-ci dəqiqəsində, künc zərbəsindən sonra hesabda önə keçib. Ancaq komandamız cəmi 2 dəqiqə sonra – matçın 57-ci dəqiqəsində hesabda tarazlığı bərpa edib. Filip İvanoviç, künc zərbəsindən göndərilən topu qapıdan keçirib. Komandamız oyunun son 10 dəqiqəsində daha 2 dəfə fərqlənərək, görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. Əvvəlcə meydana sonradan daxil olan 18 yaşlı futbolçumuz Ceyhun Nuriyev hesabı komandamızın xeyrinə dəyişib. Görüşdə son nöqtəni isə xorvatiyalı futbolçu Mario Marina qoyub – 3:1. Xatırladaq ki, “Sabah” Antalya toplanışında ilk qələbəsini qazanıb. Komandamız bundan öncə Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klublarıyla qarşılaşmışdı. “Sabah” Antalya toplanışında son yoxlama oyununu yanvarın 21-də Rusiyanın “Spartak” klubunun gənclərinə qarşı keçirəcək. |
|
Xəbər 757 dəfə oxundu. |
|
|