Azərbaycan ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək | |
Azərbaycan ilk dəfə olaraq kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Avropanın ən güclü idmançılarının gərgin idman mübarizəsinin gözlənildiyi sayca 34-cü qitə birinciliyi mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarış iştirakçılarının ilkin siyahısı fevralın, adların qeyd olunacağı yekun siyahı isə aprelin sonunda dərc ediləcək. Həm böyüklər, həm də gənclərin çıxış edəcəyi çempionat “Tokio 2020” Yay Olimpiya Oyunlarına hələ vəsiqə qazanmamış bəzi böyük gimnastlar üçün son dəfə lisenziya əldə etmək şansı verəcək. Belə ki, çoxnövçülükdə çıxış edən və eyni zamanda Olimpiya lisenziyasını qazanma haqqı olan, Avropa çempionatı çərçivəsində təsnifat yarışlarında ən yüksək xalı toplamış 2 gimnast “Tokio 2020”yə vəsiqə əldə edəcək. Qeyd edək ki, gənc gimnastlar üçün yaş həddi 14-18, böyük idmançılar üçün isə minimum yaş həddi 18 olmalıdır. Avropa Gimnastika İttifaqının Texniki Qaydalarına əsasən bu il təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatında böyük gimnastlar komandalar arasında və ayrı-ayrı alətlər üzrə finallarda çıxış edəcəklər. Gənc gimnastlar isə çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallarda yarışacaq və təsnifat mərhələsinin nəticələrinə əsasən komanda hesabında qaliblər müəyyənləşəcək. Bundan əlavə, hamıya AGF-nin talismanı “Qur-Qur” və Avropa çempionatlarının talismanı “Luigi” obrazı ilə tanış olan amerikalı talisman ustaları - Skott Hesinqton və Berri Anderson bu yarış üçün yenidən Bakıya səfər edəcəklər. Böyükdən kiçiyə kimiyə, hər kəs tərəfindən sevilən, həm tamaşaçılara, həm gimnastlara təbəssüm, pozitiv və yaxşı əhval-ruhiyyə bəxş edən talismanlar bu dəfə Milli Gimnastika Arenasında yenidən meymun - Luigini canlandıracaqlar. |
|
Xəbər 865 dəfə oxundu. |
|
|