Formula-1 yarışlarından Azərbaycan 506 milyon dollardan çox gəlir əldə edib | |
Yanvarın 15-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-prisinə hazırlıqla bağlı mətbuat konfransı keçirib. Tədbirdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, bu şirkətin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim və PwC Azərbaycan beynəlxalq audit şirkətinin nümayəndəsi Bəhruz Hüseynzadə iştirak ediblər. Konfransda çıxış edən Nigar Arpadarai bildirib ki, Formula 1 yarışları ilk növbədə paytaxtda yaşayan və işləyən hər bir kəsə yeni iqtisadi, sosial və mədəni qazanc imkanları təqdim edir. ”Aparılan son araşdırmanın nəticələri göstərir ki, biz bu baxımdan qarşımıza qoyduğumuz bütün məqsədləri aşmışıq. Ötən il Formula 1 şirkəti ilə imzaladığımız müqavilə əsasında artıq biz azı 2023-cü ilədək Azərbaycan Qran Prisini keçirə biləcəyik və indidən böyük əminlik və inamla çalışırıq ki, növbəti illərdə də möhtəşəm Formula 1 yarışlarına ən yüksək səviyyədə evsahibliyi etməklə ölkəmiz üçün maksimum qazancı təmin edə bilək”. Bəhruz Hüseynzadə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olduğunu diqqətə çatdırıb: “İndiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib. Bunun 300.6 milyon dolları birbaşa, 205.7 milyon dolları isə Formula 1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bütün bunlar Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk Formula 1 yarışından bu günə qədər olan müddəti əhatə edir”. Bülent Özərdim əsas hədəflərinin tamaşaçı sayını artırmaq olduğunu diqqətə çatdırıb: "Endirimli bilet satışı artıq bitmək üzrədir. Hələlik Azərbaycandan bilet alışı çox deyil. Bu günə kimi, satılan biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz azarkeş sayını artırmaq olduğundan tribunalarda da dəyişikliklərin olmasını planlaşdırırıq. Biz hətta tribunalarının sayını artırmağı da düşünürük. Yeni quraşdırılacaq tribunaların yerləri də artıq məlumdur". Onun sözlərinə görə, bu ilki Azərbaycan Qran-prisinə daha çox ölkədən qonaq gələcək: "Əgər əvvəlki yarışlarımızda qonşu ölkələrin azarkeşləri üstünlük təşkil edirdisə, artıq say artıb. Məsələn, bu gün bilet alışında İngiltərə, Almaniya, Niderland, Avstriya kimi ölkələr ön sıradadır. Əgər ötən il baş tutan Qran-priyə 80 ölkədən qonaq gəlmişdisə, bu dəfə daha çox olacaq". Qeyd edək ki, builki Formula 1 Azərbaycan Qran-Prisi iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək. |
|
Xəbər 852 dəfə oxundu. |
|
|