Atletika üzrə Bakı çempionatı davam edir
Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə Bakı çempionatının birinci gününün qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayırlar.

Çempionatda paytaxtın 10 komandasından 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır.

Yarışın birinci günündə oğlanlar arasında üçtəkanla tullanmada Rüstəm Məmmədov və hündürlüyə tullanmada isə Heybət Salayev qalib adını qazanıblar. Qızların yarışında isə üçtəkanla tullanmada Yekaterina Sarıyeva birinci yerə layiq görülüb.
Oğlanlar arasında qaçış yarışlarında İlham İksanov (60 m), Rahib Məmmədov (60 metr məsafəyə sədlərlə qaçış), Kamran Səfərov (400 m) və İlham Abışov (1500 m) birinci olublar. Qızların mübarizəsində isə Yelena Pextirova (60 m), Ləman Hüseynova (60 metr məsafəyə sədlərlə qaçış), Lamiyə Vəliyeva (400 m) və Anna Yusupova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Bu yarışlar yanvarın 24-25-də keçiriləcək atletika üzrə Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır. Bakı çempionatına yanvarın 11-də yekun vurulacaq.


Xəbər 982 dəfə oxundu.