“Omar” komandası çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin qalibi olub | |
Dekabrın 24-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin final matçı və üçüncü yer uğrunda qarşılaşma keçirilib. Turnirin finalında “Buta Golden” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradan “Omar” klubu ilk dəfə kuboka sahib olub. Üçüncü yer uğrunda görüşdə isə “Polad” komandası “Sərhədçi”ni məğlub edib – 5:0. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Gənclər və İdman naziri Azad Rəhimov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, ölkəmizin idman ictimaiyyətinin və media nümayəndələri final qarşılaşmasını izləyiblər. Final matçından sonra qalibləri və turnirin ən yaxşı idmançıları mükafatlandırılıblar. Turnirin ən yaxşı oyunçusu Rauf Tahirov (“Omar”), ən yaxşı atı isə “Şaban” ləqəbli at elan edilib. ARAF-ın prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib. Xatırladaq ki, dekabrın 13-də start verilən turnirin qrup və dörddəbir final mərhələlərinin oyunları Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilib. Qrup mərhələsində 12 komanda 4 qrupda mübarizə aparıb. A qrupunda “Omar”, “İsmayıllı”, “Murad”, B qrupunda “Polad”, “Şəki”, “Qarabağ”, C qrupunda “Buta”, “Ağcabədi”, “Köhlən”, D qrupunda isə “Sərhədçi”, “Ağstafa”, “Qala” komandaları yer alıblar. Dörddəbir finalda “Sərhədçi” – “Şəki” (1:0), “Buta” – “Murad” (2:0), “Polad” – “Qala” (6:0) və “Omar” – “Köhlən” (4:0) qarşılaşmaları keçirilib. Binə Atçılıq Mərkəzinin qapalı manejində oynanılan yarımfinal görüşlərində isə “Omar” komandası “Polad”ı 2:1, “Buta Golden” isə “Sərhədçi”ni 4:1 hesabı ilə məğlubiyyətə uğradıb. Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə keçirilən turnirin ümumi mükafat fondu 50 min manat olub. Xatırladaq ki, ötənilki turnirin finalında “Sərhədçi” komandası “Omar”ı 1:0 hesabı ilə məğlub etmişdi. |
|
Xəbər 1203 dəfə oxundu. |
|
|