Azərbaycanın qadın qılıncoynadanları dünya kubokunun komanda yarışında on birinci olublar
Azərbaycanın qadın sablyaçıları ABŞ-ın Solt-Leyk Siti şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak ediblər.

Qılıncoynadanlarımızdan şəxsi yarışlarda Valeriya Bolşakova və Anna Başta turnirin əsas mərhələsinə yüksəlməyi bacarıblar. Qrupda keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran V.Bolşakova otuzikidəbir finalda macarıstanlı Yuliya Pohl-Mikulika 15:14 hesabı ilə qalib gəlib. Sablyaçımız onaltıdabir finalda Rusiya millisinin liderlərindən sayılan Sofiya Velikaya ilə qarşılaşıb. İdmançımız təcrübəli rəqibinə 10:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 4 qələbə ilə bitirən A.Başta isə əsas mərhələyə yüksəlmək üçün pley-offda ilk olaraq çinli Xiaoye Jiaya 15:13, ardınca Polşa təmsilçisi Angelika Vatora 15:8 hesabı ilə qalib gəlib. Təmsilçimiz otuzikidəbir finalda Koreya Respublikasının sablyaçısı Sooyeon Çoiyə 8:15 hesabı ilə məğlub olub.

Digər sablyaçılarımızdan pley-offda mərhələsində Sevil Bünyatova amerikalı Maia Çemberleynə, Səbinə Kərimova isə Çin idmançısı Şen Çenə uduzub.

Komanda yarışında onaltıdabir finalda Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn sablyaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək üçün keçirilən görüşdə Rusiya millisinə 28:45 hesabı ilə uduzublar. İdmançılarımız 9-12-ci yerlər uğrunda görüşdə Yaponiya komandası üzərində 45:26 hesablı qələbə qazansalar da, 9-10-cu yer uğrunda qarşılaşmada İspaniyaya 42:45 hesabı ilə uduzublar.

S.Bünyatova, S.Kərimova, A.Başta və V.Bolşakovadan ibarət komandamız 11-ci yer uğrunda görüşdə Almaniya yığmasını 45:37 hesabı ilə məğlub edib.

Xəbər 977 dəfə oxundu.