Voleybol üzrə Azərbaycan çempionatının yeni mövsümünə start verilib | |
Dekabrın 14-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2019-2020-ci il mövsümünə start verilib. Çempionatın açılış oyununda “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” komandası 3:1 hesabı ilə qalib gəlib. Oyun başa çatdıqdan sonra həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib. Azərbaycan Voleybol Mərkəzində təşkil olunan mərasimdə əvvəlcə iştirakçı komandaların paradı olub. Federasiyanın prezidenti Cavid Qurbanov mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. C.Qurbanov qeyd edib ki, ölkəmizdə uğurlu idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Prezidenti idmanın digər növləri kimi, voleybolun da inkişafını diqqət mərkəzində saxlayır. Ümumiyyətlə, ölkəmizdə idmançıların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra C.Qurbanov çempionatı açıq elan edib. Kişi voleybolçuların çempionatında “Sərhədçi”, MOİK, “Neftçi”, “Murov”, “Xilasedici”, “Azərreyl”, “Ekspress” və Gürcüstan yığması iştirak edirlər. Qadınların mübarizəsində isə UNEC, “Murov”, “Abşeron”, “Mübariz”, “Azərreyl” və Gürcüstan millisi birincilik uğrunda yarışırlar. Çempionatın oyunları Hövsan Olimpiya İdman Kompleksində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, “Lokomotiv” klubunun, FHN-in, eləcə də Azərbaycan Voleybol Federasiyasının idman zallarında baş tutacaq. Yarışın final mərhələsi Bakı İdman Sarayında təşkil olunacaq. |
|
Xəbər 844 dəfə oxundu. |
|
|