Azərbaycan Premyer Liqası: “Zirə” öz meydanında “Keşlə”ni məğlub edib | |
Noyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb. Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. Matçın 35-ci dəqiqəsində isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb. “Keşlə” təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub. İkinci hissədə isə qonaqlar azlıqda qalıb. Qarşılaşmanın 59-cu dəqiqəsində Sezar Meza Kolli “Zirə”nin futbolçusuna bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Beləliklə, “Zirə” xallarını 14-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. On doqquz xalı olan “Keşlə” isə 2-ci pillədə qalıb. Qeyd edək ki, turun ilk 2 oyununda “Sumqayıt” evdə “Qarabağ”ı 2:1, “Sabah” səfərdə “Səbail”i 3:1 hesabı ilə yenib. Tura “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq. |
|
Xəbər 712 dəfə oxundu. |
|
|