Azərbaycan Premyer Liqası: “Sabah” komandası son dəqiqələrdə vurduğu qollarla səfərdə qələbə qazanıb | |
Noyabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun ikinci oyununda “ASCO Arena”da “Səbail” klubu Sabah”ı qəbul edib. Rauf Cabbarovun idarə etdiyi görüşdə qonaqlar son dəqiqələrdə vurduqları qollar sayəsində 3:1 hesabı ilə qələbə qazanıblar. Oyunun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. Matçın 76-ci dəqiqəsində Məqsəd İsayevin avtolu sayəsində “Səbail” hesabda irəli çıxıb – 1:0. Oyunun 86-ci dəqiqəsində “Səbail”in müdafiəçisi Adil Nağıyev ikinci dəfə sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Meydanda sayca üstünlükdən yararlanan “Sabah” klubu matçın 88-ci, 90-cı və 90+6-cı dəqiqələrində vurduğu qollar sayəsində matçı qələbə ilə başa vurub. “Sabah” komandasının heyətində Ulise Diallo dubl edib, digər qolu isə Hendrik Ekşteyn vurub. Bu qələbədən sonra “Sabah” komandası xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlində beşinci yerə yüksəlib. “Səbail” isə 11 xalla altıncı yerdə qərarlaşıb. Xatırladaq ki, tura noyabrın 22-də “Sumqayıt” – “Qarabağ” oyunu ilə start verilib. Həmin görüşdə “Qarabağ” bu mövsümdə ilk dəfə məğlub olub – 1:2. Turun digər iki oyunu noyabrın 24-də baş tutacaq. Saat 15:00-da Zirə Olimpiya İdman Kompleksində “Zirə”–“Keşlə”, saat 17:00-da isə “Bakcell Arena”da “Neftçi” - “Qəbələ” görüşləri oynanılacaq. |
|
Xəbər 721 dəfə oxundu. |
|
|