Gənc cüdo hakimlərinə dərəcə kitabçaları təqdim olunub
Azərbaycan Cüdo Federasiyasının (ACF) gənc hakimlərinə dərəcə kitabçaları verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) 7 hakimə birinci dərəcəli hakim kitabçaları təqdim olunub.

Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan nailiyyətlərdən və cüdo idman növünün inkişafından danışıb.

Bildirib ki, BŞGİBİ ilə ACF-nin müştərək təşkil etdiyi müxtəlif yaş qrupları arasında paytaxt birinciliklərində, Həzi Aslanovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirakçıların sayının ildən-ilə artması cüdo idman növünə ölkəmizdə böyük marağın olmasından xəbər verir.

Daha sonra ACF-nin baş katibi Elmar Babanlı və Hakimlər Komitəsinin sədri Mətin Rəhimli çıxış edərək respublika və beynəlxalq miqyaslı cüdo yarışları zamanı təşkilati və mənəvi dəstəyə görə baş idarəyə təşəkkürlərini bildiriblər. Çıxış edənlər gənc hakimlərə gələcək karyeralarında uğurlar arzulayıblar və gələcəkdə onların arasından ölkəmizi Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında təmsil edəcək istedadlı referilərin yetişəcəyinə inandıqlarını bildiriblər.

Xəbər 813 dəfə oxundu.