Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub
İspaniyanın “Albasete” futbol klubundan Azərbaycan millisinə dəvət olunmuş Eddi İsrafilov “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə yığmanın heyətinə “Zirə”dən Elvin Camalov çağırılıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, E.İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada “Albasete” klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.

Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.

E.İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

Xəbər 655 dəfə oxundu.