Karateçilərimiz yeni sınaq qarşısında
Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçiriləcək.

Azsport.az saytı xəbər verir ki, qitə çempionatında ölkəmizi “Azərbaycan Vado-Ryu Karate-do” klubunun idmançıları təmsil edəcəklər. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanacaq komandanın heyətində 10 idmançı, 3 məşqçi və 1 hakim yer alıb.

Millimizin üzvlərindən 12-13 yaşlı idmançıların yarışında İsmayıl Ələsli (50 kq), İmran İsmayılzadə (50 kq), 14-15 yaşlı karateçilərin mübarizəsində isə Rəsul Abbasov (57 kq) və Musa Məmmədov (63 kq) qüvvəsini sınayacaq. Kənan Babayev (68 kq), Abbas Dadaşov (68 kq), İlknur Əlipoladov (68 kq), Fərid Ağayev (76 kq) və Adil Quliyev (76 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində yarışacaq.

Digər istedadlı idmançı Nuri Əliyev (76 kq) isə 18-21 yaşlılar arasında mübarizə aparacaq. Karateçilərimiz çempionatda fərdi yarışlarla yanaşı, komanda yarışlarında da çıxış edəcək.

Komandanın heyətində Macarıstana yollanan milli dərəcəli hakim Vidadi Mahmudov isə 47-ci Avropa çempionatında ədaləti qoruyacaq.


Xəbər 846 dəfə oxundu.