Kombat ciu-citsu üzrə millimiz Kiyevdə 6 medal qazanıb | |
Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov və federasiyanın birinci vitse-prezidenti Rəsul Məmmədov Ukraynanın paytaxtı Kiyevdə keçirilən dünya çempionatı çərçivəsində Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının növbəti konfransında iştirak ediblər. Konfransda federasiyaların gələcəkdə baş tutacaq birgə təqvim planları ilə bərabər regionda kombat ciu-citsu idman növünün inkişafı perspektivləri də müzakirə olunub. Bununla yanaşı, həm də Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının Hakimlər Komitəsinin sədri Rəsul Məmmədov yeni hakimlərin təyin olunması üçün seminar təşkil edərək onların attestasiyasında iştirak edib. Yeni lisenziya alan hakimlər qaydalarda edilən dəyişikliklərlə tanış olublar. Yarışda 20 ölkədən 345 idmançı iştirak edib. Çempionatda yarışlar güləş, tamkontaktlı döyüş və özünümüdafiə olmaqla üç kateqoriyada keçirilib. Azərbaycanın Əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi ilə ölkəmizin yığması çempionatda 5 idmançı ilə iştirak edib. Güləş kateqoriyasında 16-17 yaşlı idmançılar arasında yarışlarda Fidan Yusifova (60 kq) və Yasər Əhədli (60 kq) qızıl medal qazanıblar. Tamkontaktlı döyüş yarışlarında da çıxış edən Y.Əhədli gümüş medala sahib olub. Eyni kateqoriyada çıxış edən Zaur Məmmədov (70kq) bürünc medalla kifayətlənib. Yaşlı idmançıların yarışında özünümüdafiə kateqoriyasinda çıxış edən Vüqar Cəfərov (77 kq) bürünc medala layiq görülüb. Güləş kateqoriyasında 92 kiloqram çəki dərəcəsində çıxış edən Ramin Kazımov da yarışı üçüncü pillədə başa vurub. Beləliklə, 6 medal qazanan Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutaraq dünya çempionatının kuboku ilə təltif edilib. Yarışın və konfransın sonunda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev yığmamızın üzvləri ilə görüşərək əldə olunan nəticəyə görə onları təbrik edib, ölkəmizi sərhədlərimizdən kənarda da layiqincə təmsil etdikləri üçün öz minnətdarlığını bildirib və onlara gələcəkdə uğurlar arzulayıb. Qeyd edək ki, yarışda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları fəal iştirak edərək idmançılarımız üçün əllərindən gələn dəstəyi əsirgəməyib və onlara mənəvi dayaq olublar. |
|
Xəbər 780 dəfə oxundu. |
|
|