“Qarabağ” həndbol komandası “Azəryol”a qalib gəlib
Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları arxada qalıb.

“ABU Arena”da keçirilən yarışın növbəti günündə meydana əvvəlcə “Qarabağ” və “Azəryol” komandaları çıxıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda əksəriyyət son ölkə çempionunun qələbəsinə inanırdı. Amma qapılara 51 qolun vurulduğu görüşdən “Qarabağ” qalib ayrılıb – 27:24.

Günün ikinci qarşılaşmasında “Azərsu” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Oyunun əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu” rəqibi çətinlik çəkmədən məğlub edib – 37:24.

Oktyabrın 23-də keçiriləcək üçüncü turun oyunlarında “Qarabağ” “Azərsu”, “Azəryol” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.

Kişi həndbolçuların ölkə çempionatında isə ikinci turun görüşləri oktyabrın 19-da oynanılacaq. Həmin gün “Məhsul” “Bakı”, U-18 isə “Təhsil” ilə üz-üzə gələcək.

AZƏRTAC

Xəbər 801 dəfə oxundu.