Yeniyetmə qılıncoynadanımız Türkiyədə keçirilən turnirdə bürünc medal qazanıb
Türkiyənin Konya şəhərində qılıncoynatma üzrə 14 yaşadək şpaqaçılar arasında açıq turnir keçirilib.

14 yaşlı qız şpaqaçıların yarışında iştirak edən Xədicə Həsənli turnirin bürünc medalını qazanıb.

Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran X.Həsənli uğurlu çıxışını play-off mərhələsində də davam etdirib. Şpaqaçımız 1/32 finalda Tuqca Çokrolamaşı (15:1), onaltıdabir finalda Asya Gökmanı (15:4), səkkizdəbir finalda isə Elif İşlakı (15:9) məğlub edib. Dörddəbir finalda Eqe Çot üzərində 15:8 hesablı qələbə qazanan təmsilçimiz yarımfinalda turnirin qalibi Naz Gökkaya 9:15 hesabı ilə uduzsa da, ən güclü 4 şpaqaçı sırasına yüksəlməklə yarışın bürünc medalını təmin edib.

Turnirdə iştirak edən digər təmsilçilərimizdən Aynur Quliyeva 4 qələbə ilə qrupu adlayaraq, 1/32 finala yüksəlib. A.Quliyeva bu mərhələdə Xədicə Gülsümə 15:10 hesabı ilə qalib gəlsə də, onaltıdabir finalda Zeynəb Sevim Üçkayaya 5:15 hesabı ilə uduzub.

On iki yaşadək şpaqaçıların yarışında isə Yəhya Məmmədov qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gəlməklə play-offa adlayıb. İdmançımız 1/32 finalda Alp Tardu Karaçörə 5:15 hesabı ilə məğlub olub.

Xəbər 795 dəfə oxundu.