Azərbaycanda birinci budo festivalının açılışı olub
Oktyabrın 5-də Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə I Azərbaycan budo (yapon döyüş sənətləri) festivalının açılış mərasimi olub.

Fetivalın açılışında Ekologiya naziri, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Muxtar Babayev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Azərbaycanda birinci budo festivalının keçirilməsindən məmnunluğunu bildirib. Ölkəmizdə budonun inkişaf etdiyini vurğulayan diplomat bildirib ki, bu, Azərbaycanda yapon döyüş sənətlərinə marağın xeyli artmasının nümunəsidir. “İdmançılarınız bu döyüş növləri üzrə beynəlxalq arenada dəfələrlə qalib gələrək Azərbaycanın bayrağını zirvələrə qaldırıblar. Bugünkü festivalda 90-a yaxın idmançı bu döyüş növləri üzrə nümunəvi çıxışlar yerinə yetirəcəklər. Gələn il Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarında Azərbaycandan da xeyli idmançının iştirak edəcəyini gözləyirik. İnanıram ki, azərbaycanlı idmançılar Tokiodan medallarla qayıdacaqlar”.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festivalın Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, budo ölkəmizdə xeyli inkişaf edib. Ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Festivalın təşkilinin ənənə halının alacağına əminliyini ifadə edən nazir müavini diqqətə çatdırıb ki, Gənclər və İdman Nazirliyi bu idman tədbirinin keçirilməsinə bundan sonra da dəstək verməyə hazırdır.

Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev festivalın təşkilinə görə minnətdarlığını bildirib. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə ən nüfuzlu beynəlxalq turnirlərin yüksək səviyyədə təşkil edildiyini vurğulayan Ü.Quliyev bu baxımdan I Avropa, IV İslam Həmrəyliyi oyunlarını, Formula 1 yarışlarını və s. qeyd edib. O, bu festivalın ölkəmizdə yapon döyüş sənətlərinin inkişafına və kütləviliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Çıxışlardan sonra səfir Teruyuki Katori Azərbaycanda yapon döyüş sənətlərinin inkişafındakı xidmətləri olan müvafiq federasiyaların prezidentlərinə diplomlar təqdim edib.
Bakı İdman Sarayında təşkil olunan festival yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyır. Festivalda ziyarətçilərə müxtəlif döyüş sənətləri ilə tanışlıq imkanı da yaradılıb. Burada yapon döyüş sənətinin altı növü - aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunur. Bununla yanaşı, festivalda digər ölkələrin müxtəlif döyüş sənətləri üzrə usta idmançılar çıxış edirlər.

Festivalda Yaponiyanın mədəniyyəti, mətbəxi, şirkətləri, idman federasiyaları və təşkilatları stendlər də nümayiş olunur.


Xəbər 766 dəfə oxundu.