Lozanna-2020 yarışları non-stop rejimində translyasiya ediləcək | |
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya kanalı 2020-ci il yanvarın 9-dan 22-dək Lozannada keçiriləcək III Gənclər Olimpiya Oyunlarının (GOO) yarışlarını birbaşa efirdə göstərəcək. Bütün dünyada tamaşaçılar 300 saatdan çox translyasiyaya baxa biləcəklər. GOO-2020 günlərində kanalın onlayn platformalarında multiidman forumunun proqramında təmsil olunan gənc atletlər və idman növləri haqqında verilişlər göstəriləcək. Olimpiya kanalının redaktoru Meri Birn deyib: “Lozannada öz həyatının əsas məqsədini – fəxri kürsünün yuxarı pilləsinə qalxmaq niyyətini reallaşdıran gənc idmançıları bütün planetimiz izləyəcək. Lozannada gənclərin oyunlarının işıqlandırılması Tokio-2020 yarışlarına hazırlığın mühüm mərhələsi olacaq. Yanvarın 9-dan 22-dək idman həvəskarları non-stop rejimində həm yarışlardan birbaşa translyasiyaya, həm də artıq keçirilmiş yarışların lent yazılarına Olimpiya kanalının rəsmi rəqəmsal məkanlarında baxa biləcəklər”. Gənclərin III qış olimpiya oyunları 2020-ci il yanvarın 9-dan 22-dək Lozannada keçiriləcək. Dünyanın 70-dən çox ölkəsindən olan 15-18 yaşlarında 1880 idmançı biatlon, xizək yarışları, xokkey, dağ-xizək idmanı, fiqurlu konkisürmə və başqa idman növlərində ən güclü atletləri aşkar edəcəklər. AZƏRTAC |
|
Xəbər 785 dəfə oxundu. |
|
|