Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi bir dəqiqəlik sükutla başlayacaq | |
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi bir dəqiqəlik sükutla başlayacaq. Bu, çempionatın açılış mərasimi ilə əlaqədar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) sentyabrın 16-da yaydığı press-relizdə qeyd olunub. Məlumatda bildirilir ki, FIG-in sabiq prezidenti Bruno Qrandinin ötən həftə vəfat etməsi ilə əlaqədar açılış mərasimi onun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq. Sükut dəqiqəsində sonra FIG-in prezidenti Morinari Vatanabe B.Qrandinin fəaliyyəti barədə məlumat verəcək. Qeyd edək ki, “Nağıllar gerçəkləşəcək” devizi altında keçirilən çempionatın ən yadda qalan hissələrindən biri möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və azarkeşləri nağıllar aləminə “səyahətə aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı kompozisiya ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiqlənib. Çempionatın birinci günündə – açılış mərasimində məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən nəğmələri ilə tamaşaçıların qəlbini fəth edəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella üslubunda səsləndirəcək. Açılış mərasiminin maraqlı məqamları bununla məhdudlaşmayacaq. Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını ifa edəcək. Dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək. |
|
Xəbər 770 dəfə oxundu. |
|
|