Sabah Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına start veriləcək
Yayın son günləri gimnastika dünyasının diqqəti bir daha paytaxt Bakıya yönələcək. Bakı 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə - bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq. Altmış bir ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.
Çempionatın ilkin qeydiyyat siyahısına əsasən, yarışa qatılacaq 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini sərf edəcəklər. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

Xəbər 797 dəfə oxundu.