Qadın boksçumuz dünya çempionatının yarımfinalında
Azərbaycan boksçusu Yelena Vıstropova (75 kq) Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb. İdman.com.az saytının məlumatına görə, milli komandamızın üzvü 1/4 final mərhələsində ukraynalı Liliya Durniyevanı 12:5 hesabı ilə məğlub edib. Bu Vıstropovanın dünya çempionatında 4-cü qələbəsi olub. Boksçumuz yarımfinalda İsveç idmançısı Anna Laurellə üz-üzə gələcək.

Amma həmyerlimiz hələ ki olimpiya oyunlarına lisenziya qazanmayıb. Yarışın əsasnaməsində hər çəkidə 8 idmançının London-2012-yə gedəcəyi göstərilsə də, vəsiqələr qitələr üzrə bölüşdürülür. 75 kq çəki dərəcəsində Avropanın 3, Amerikanın 2, Afrikanın 1, Asiya və Okeaniyanın 1 təmsilçısinə lisenziya veriləcək.

Digər vəsiqələr isə boksda zəif inkişaf etmiş ölkələrin nümayəndələrinə təqdim olunacaq. Əgər həmyerlimiz yarımfinalda İsveç idmançısına uduzsa, olimpiadaya yollanmaq üçün onun çempion olmasını arzu etməlidir. Yarımfinal döyüşləri mayın 18-də keçiriləcək.

Xəbər 1149 dəfə oxundu.