Sinkfild kuboku: heç-heçələr seriyası davam edir
“Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin iki turuna yekun vurulub.

Birinci turda rusiyalı Sergey Karyakin heç-heçə edən şahmatçımız Şəhriyar Məmmədyarov ikinci turda amerikalı Hikaru Nakamura ilə sülh bağlayıb. Turun digər qarşılaşmaları da heç-heçə başa çatıb.

Qeyd edək ki, ötən turda bir qarşılaşma istisna olmaqla bütün görüşlərdə şahmatçılar yarım xalla kifayətlənməli olublar. Yalnız rusiyalı Yan Nepomnyaşi hindistanlı Vişvanatan Ananda uduzub. İki turun nəticəsinə görə V.Anand həmkarlarını yarım xal qabaqlayaraq birinci yerdə qərarlaşıb.

Avqustun 19-da üçüncü turun qarşılaşmaları keçiriləcək. Şahmatçımızın növbəti rəqibi Y.Nepomnyaşi olacaq. Turun digər oyunlarında amerikalı şahmatçılar Hikaru Nakamura rusiyalı Sergey Karyakin, Uesli So hollandiyalı Aniş Qiri, Fabiano Karuana hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, çinli Dinq Liren fransalı Maksim Vaşe-Laqrav, Vişvanatan Anand ermənistanlı Levon Aronyan ilə qarşılaşacaqlar.

Xəbər 860 dəfə oxundu.