Bakıda bədii gimnastika üzrə dünya çempionatının açılışında Azərbaycanın sevilən ifaçıları çıxış edəcəklər
Azərbaycan Gimnastika Federasiyası ilin ən böyük gimnastika tədbirlərindən birinə hazırlaşır.

Sentyabrın 16-22-də Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına hazırlıqlar tam sürətlə davam edir.

Təşkilatçılar gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş açılış mərasiminə bu dəfə də xüsusi yaradıcılıqla yanaşıblar. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şounun nümayişi ilə yanaşı, Azərbaycanın sevilən ifaçılarının iştirakı nəzərdə tutulur. Məşhur müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov öz ifası ilə tamaşaçıları sevindirəcək. Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva isə dövlət himnimizi akapella şəklində ifa edəcək.

Açılış mərasimində dünya çempionatının ulduz səfiri, Azərbaycanın Əməkdar artisti Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Xatırladaq ki, bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimi sentyabrın 16-da Milli Gimnastika Arenasında keçiriləcək.

Xəbər 814 dəfə oxundu.