“Tokio 2020”nin voleybol yarışlarına lisenziya xarakterli təsnifat turnirləri başa çatıb | |
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının voleybol yarışlarına lisenziya xarakterli təsnifat turnirlərinə yekun vurulub. Altı ölkədə (Polşa, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya) keçirilən təsnifat turnirlərində qruplarda birinci olan Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya yığma komandaları Tokio Olimpiadasına vəsiqə əldə ediblər. Voleybol üzrə qadınlardan ibarət milli komandamız Braziliyanın Uberlandiya şəhərində keçirilən turnirdə D qrupunda çıxış edib. Millimizin rəqibləri Braziliya, Dominikan Respublikası və Kamerun yığmaları olub. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün milli komandamızın daha bir şansı var. Belə ki, 2020-ci ilin yanvarında Avropa qitəsinin komandaları arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri keçiriləcək. Turnirdə iştirak edəcək komandalar 2019-cu il Avropa çempionatından sonra müəyyən olunacaq. Avropa çempionatının nəticələrinə görə ilk yeddilikdə yer alan yığmalar və turnirə ev sahibliyi edəcək komanda 2020-ci ilin yanvar ayında keçiriləcək turnirdə iştirak edə biləcək. Səkkiz komandanın iştirak edəcəyi turnirdən yalnız bir komanda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. |
|
Xəbər 900 dəfə oxundu. |
|
|