XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib
XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan Azərbaycan idmançıları və onların ailə üzvləri ilə iyulun 29-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

“Zəfər günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə idmançılarımızın mötəbər turnirdəki uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalına da uğurla ev sahibliyi etdi. Azərbaycanın yüksək qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə Avropanı növbəti dəfə heyran etdiyini vurğulayan vitse-prezident idmançılarımızı festivalda qazandıqları parlaq nailiyyətlər münasibətilə təbrik edərək deyib: “Bu gün “Zəfər günləri” layihəsi çərçivəsində idmançılarımızın növbəti qələbəsini qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmiz ən mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycanda daha əvvəl birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları uğurla təşkil olunub”.

Festivalın ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayan Gənclər və İdman naziri Azad Rəhimov bu mötəbər idman yarışı çərçivəsində üç proqramın həyata keçirildiyini qeyd edib: “Festivalda qazanılan nailiyyətlər Azərbaycanın idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdi. XV dəfə təşkil edilən festivalda Azərbaycan komandası indiyədək ən yüksək nəticəsini əldə edərək dördüncü yeri tutdu. Bu nəticələr göstərdi ki, gənc idmançılar arasında da gələcəyin ulduzlar yetişib. Çalışmalıyıq ki, onlar gələcəkdə daha yüksək nailiyyətlər əldə etsinlər”.

Təhsil naziri Ceyhun Bayramov çıxışında Azərbaycanın daha bir mötəbər idman tədbirini yüksək səviyyədə təşkil etməsini məmnunluqla vurğulayaraq diqqətə çatdırıb ki, komandamızın 48 ölkə arasında dördüncü yeri tutması ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının göstəricisidir. C.Bayramov festivalın təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Sonra Avropa Gənclər Olimpiya Festivalının medalçılarına mükafatlar təqdim edilib.

Tədbir incəsənət ustalarının çıxışı ilə davam edib.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Xəbər 1513 dəfə oxundu.