Veteran cüdoçularımız Avropa çempionatında 7 medal qazanıblar
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatında idmançılarımız 7 medal qazanıblar.

Azərbaycan komandası qitə çempionatında üç qızıl, iki gümüş və iki bürünc medal əldə edib. Cüdoçularımızdan Mübariz Cəfərov (81 kq), Fərhad Rəcəbli (90 kq) və Elxan Rəcəbli (100 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar. Yarışlarda gümüş medalları komandamızın aktivinə Müşfiq Cəfərov (66 kq) və Yamən Fətiyev (100 kq) yazdırıblar. Bürünc medalları isə Babək Hacıyev (60 kq), Məmməd Məmmədov (81 kq) qazanıblar.

Qeyd edək ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparıb.

Xəbər 1039 dəfə oxundu.