Cüdoçularımız lienziyaların sayını 51-ə çatdırdılar! | |
London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış cüdoçuların yekun siyahısı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Avropa Cüdo İttifaqı (EJU) 9 may Qələbə günündə Azərbaycana 73 kq çəki dərəcəsində daha bir lisenziya bəxş edib. Pekin olimpiadasında Elnur Məmmədlinin qızıl medal qazandığı çəkidə bu dəfə ölkəmizi Rüstəm Orucov təmsil edəcək. Yığmamızın baş məşqçisi Ağayar Axundzadə lent.az-a açıqlamasında bu xəbərin sevindirici olduğunu söyləsə də, “açığı, EJU-dan belə bir qərar gözləmirdik” deməyi də unutmayıb. Onun sözünə görə, Orucov hələ gənc olduğundan, 2016-cı il Rio-de-Janeyro olimpiadasına hazırlanırmış. Lakin Məmmədli 81 kq çəki dərəcəsinə keçdikdən sonra 73 kq çəkidə yoxladıqları Renat Mirzəliyev ümidləri doğrultmayıb. Bu səbəbdən, Orucovu sınamağı qərara alıblar. Gənc cüdoçumuz isə layiqli çıxışları ilə Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında irəliləməyi bacarıb. Son siyahıda o, 136 xalla 56-cı pillədə qərarlaşıb. Bununla da ölkəmizin London olimpiadasına qazandığı lisenziyaların sayı 51-ə çatıb. Bunlardan 8-i cüdoçularımızın – İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli və ya Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovanın (63 kq) payına düşür. |
|
Xəbər 1438 dəfə oxundu. |
|
|