Ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələ yarışları keçiriləcək | |
İyunun 30-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələ yarışları keçiriləcək. Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda iyunun 22-23-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. İyunun 26-27-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, iyunun 29-30-da isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar. Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək. Yarışın məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. AZƏRTAC |
|
Xəbər 1223 dəfə oxundu. |
|
|