Ayxan Mamayev Xorvatiyada “Super 8” beynəlxalq turnirinə dəvət olunub
Azərbaycan karatesinin liderlərindən Ayxan Mamayev (-84 kq) Xorvatiyada “Super 8” beynəlxalq turnirinə dəvət olunub.

Xorvatiya Karate Federasiyasının təşkil etdiyi bu yarış, dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.

A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.

Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarış 11 mayda, Zaqrebdə keçiriləcək.

Xəbər 1295 dəfə oxundu.