Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub | |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə aprelin 29-dan mayın 3-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun stadionunda mini futbol çempionatı keçirilib. FHN İşçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə keçirilən çempionatda 15 komandadan 150-yə yaxın idmançı iştirak edib. Baş hakim Elmir Quluzadənin rəhbərliyi ilə keçirilən çempionatda komandalar dörd qrupa bölünüb. Bu qruplardan birinci və ikinci yerləri tutan komandalar növbəti tura vəsiqə qazanıb. Üçüncü yer uğrunda keçirilən görüşdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinə qalib gələrək çempionatın bürünc medalına sahib olub. Finalda isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası Maddi Texniki Təchizat (MTT) komandasına qalib gələrək çempionatın qalibi adını qazanıb. Çempionatda ən yaxşı qapıçı Rəşad Səttarzadə (DYMX), ən çox qol vuran Turxan Quliyev (MTT), ən yaxşı oyunçu isə Asif Zeynalov (XRXX) olublar. Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Ulu Öndərin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salaraq qeyd ediblər ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ümummilli Liderin müdrik siyasəti sayəsində mümkün olub. Natiqlər ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışıblar. Sonra qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. AZƏRTAC |
|
Xəbər 781 dəfə oxundu. |
|
|