Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
Formula 1 Azərbaycan Qran-Prisi bu bazar keçiriləcək və Bakıda bu hadisə ilə bağlı son hazırlıqlar gedir. Maraqlı şəhər trasında yürüşlər artıq dördüncü dəfədir ki, keçirilir. 2016-cı ildə Bakıda keçirilən ilk yürüş Avropa Qran-Prisi adlandırılmışdı.

Paddokdakı bütün işlər demək olar başa çatıb, şəhərin mərkəzindəki küçələr nəqliyyatın hərəkəti üçün bağlanılıb və trass boyunca bütün çəpərlər quraşdırılıb.

Bu günlərdə işlərin gedişatı barədə bilavasitə trasda yerləşən Bakı “Hilton”unun əməliyyat direktoru Lars Sammelius öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, trasın maksimal dərəcədə keyfiyyətli vəziyyətdə olmasından ötrü təşkilatçılar bütün səylərini əsirgəmirlər.

“Əgər trafikdəki vəziyyətdən danışsaq, o zaman burada qarmaqarışıqlıq başlayıb. Bir çox küçələr bağlanılıb, trasın bəzi hissələrinin örtüyü yenilənib. Tribunaların əksəriyyəti artıq quraşdırılıb.

Bizim üçün Qran-Prinin keçiriləcəyi həftə ən mühüm və ən maraqlı olur. Otelimizin birinci mərtəbəsində yerləşdirilən mətbuat mərkəzi artıq hazırdır. Bundan başqa, tanınmış fotoqraf Peter van Eqmondun əl işlərindən ibarət sərgi təşkil etmişik. Foyedə isə iki yürüş simulyatoru quraşdırılıb. İşlərimiz həddindən artıq çoxdur. Cümə axşamı otel artıq tam dolacaq və bizim bir dənə də olsun boş nömrəmiz qalmayacaq”, - deyə hollandiyalı menecer bildirib.

Yarış dövründə komandalar, pilotlar, Formula 1 və Beynəlxalq Avtomobil İdmanı Federasiyasının təmsilçiləri məhz bu oteldə qalırlar. Qran-Pri günlərində Bakı “Hilton”unun prezident apartamentlərinin qiyməti bir gecə üçün 3000 avro təşkil edir. Lakin Sammelius həmin nömrələrin məhz kim tərəfindən bronlaşdırıldığını açıqlamayıb.

Xəbər 947 dəfə oxundu.