Karateçilərimiz Mərakeşdə Premyer Liqa turnirində iştirak edəcəklər
Azərbaycan karateçiləri daha bir mötəbər yarışda çıxış edəcəklər. Milli komandamızı həftəsonu Mərakeşin paytaxtı Rabatda Karate 1 Premyer Liqa seriyasından turnir gözləyir. Aprelin 19-dan 21-dək davam edəcək nüfuzlu yarışda 14 idmançımız iştirak edəcək.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik edəcəyi heyətdə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (84 kq-dan yuxarı) yer alıblar. Qadın karateçilərindən ibarət millimizin baş məşqçisi Denis Morozov Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretskanın (68 kq) çıxışına üstünlük verib. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun yarışa qatılmasını məqbul sayıb.

Turnirə yollanacaq heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var.

Karate1 Premyer Liqa turnirinin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq.

Xəbər 792 dəfə oxundu.