Azərbaycan idman gimnastikası üzrə dünya kuboku yarışlarında ilk medalını qazanıb
Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının üçüncü günündə -martın 16-da Azərbaycan millisi ilk medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən turnirin üçüncü günündə kişilər sərbəst hərəkətlər, paralel qollar, halqalar, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə yarışların final mərhələsində güclərini sınayıblar.
Azərbaycan gimnastı Nikita Simonov halqalar ilə yarışlarda 14,800 xalla ikinci olub. Turnirin qalibi adına Böyük Britaniya təmsilçisi Kurtney Tulloç (14,933 xal) sahib olub. İlk üçlüyü ukraynalı İqor Radivilov 14,666 xalla tamamlayıb.

Sərbəst hərəkətlər üzrə kişilərin yarışında İsrail təmsilçisi Artyom Dolqopyat 15,066 xalla dünya kuboku yarışlarının qalibi olub. İsveçrəli Pablo Brigger 14,566 xalla ikinci, İspaniya gimnastı Rayderley Zapata isə 14,500 xalla üçüncü yerdə qərarlaşıblar. Azərbaycan gimnastı Murad Ağarzayev 13,800 xalla altıncı olub.

Kişilərin paralel qollarda yarışında rusiyalı Vladislav Poliaşov 15,133 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Ferhat Arıcan 15,100 xalla gümüş, Çin idmançısı Hao You 15,066 xalla bürünc medal qazanıblar.

Qadınların dayaqla tullanma yarışlarında ABŞ təmsilçisi Keri Ceyd 14,933 xalla birinci, özbəkistanlı Oksana Çusovitina 14,700 xalla ikinci, Meksika təmsilçisi Aleksa Moreno 14,233 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan gimnastı Marina Nekrasova isə 13,900 xalla altıncı olublar.

Qadınlar arasında müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekununa görə, çinli idmançı Ciaqi Lyu 14,266 xalla dünya kuboku yarışlarının qalibi adını qazanıb. Rusiyalı Anastasiya İliankova ikinci (14,133 xal), Avstraliya gimnastı Corciya-Rouz Braun (13,566) isə üçüncü yeri tutublar.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Bu turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda 41 ölkə təmsil olunur. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar.

Mötəbər turnirə martın 17-də yekun vurulacaq.

Xəbər 818 dəfə oxundu.